Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » March » 23 » SURİYADA NƏ BAŞ VERİR
15:20
SURİYADA NƏ BAŞ VERİR

Bu saat bütün dünyanın gözü bu ölkədə olduğundan, belə təsəvvür yaranır ki, dünyanın taleyi bu saat elə bu ölkədə həll olunur. Dərinə getsək görərik ki, bu doğrudan da belədir. Suriyanın daxilində gedən vətəndaş müharibəsini qızışdıranlar və bundan istifadə edib bura təcavüz edən dövlətlər üçün bu ölkə geosiyasi poliqona çevrilmişdir.
Poliqon anlayışının nə olduğunu oxuculara başa salmaq gülünc olardı, ancaq geosiyasi poliqonun mahiyyətini açmağı özümüzə borc bilirik, çünki dünyada fövqəl  dövlətlərin qarşıdurmaları ilk növbədə geosiyasi poliqonlarda gedir. Hər iki ölkə öz silahlarını göstərməklə nəyə qadir olduğunu bəyan edir.
Geosiyasi poliqon qədim dövrdə olduğu kimi, qarşı-qarşıya durmuş iki ordunun qəhrəmanlarının ortaya çıxarması və vuruşdurulmasıdır. Qəhrəmanı məğlub olmuş ölkə uduzmuş sayılır.
Suriyada da vəziyyət iki ordunun - Rusiya və ABŞ ordusunun silahlarının toqquşduğu yerdir, sadəcə olaraq burada qəhrəmanlar yox, silahlar toqquşur. 


Geosiyasi poliqonun biri kimi 1991-ci ilin yanvar ayında İraqda ortaya çıxdı. Orada  SSRİ və ABŞ raketlərinin toqquşması baş verdi. Yadınızdadırsa, ABŞ-ın Patriotları SSRİ silahlarını darmadağın etdi və nəticədə SSRİ uduzdu.
İndi bu dəfə Rusiya-ABŞ qarşıdurması burada özünü göstərir.
Qərbin analitikləri, ruslar Suriyada aktiv hərəkətə keçəndə yazırdılar ki, Rusiyanı SSRİ-nin taleyi gözləyir. Əlbəttə ki, bu fikirlərin arasında dərin analitik mülahizələr dururdu və heç kim inana bilməzdi ki, Rusiya Suriyada yeni silahlar tətbiq edəcək, çünki bu ölkələrin kəşfiyyat idarələri Rusiyanın yeni silaha sahib olduqlarından xəbərsiz idilər. 
Rusiya Suriyada hərəkətə keçəndə ölkənin qanunu prezident Əsədin əlində idi, ölkənin onda bir hissəsi qalmışdı və İŞİD demək olar ki, onun və İraqın ərazisində Böyük İslam Dövləti yaranmışdı və xəlifət adıyla Qərbə doğru irəliləyirdi.
Aydındır ki, Dəməşq əldən getsəydi, Rusiyanın hərbi bazaları da buradan çıxarılacaqdı. 
Dövlətçilik nöqteyi-nəzərindən Rusiya öz bazalarını qorumalı idi. Əks halda, bu ölkə Aralıq dənizi üzərində nəzarətini itirirdi.
İslam dövlətinin genişləndirilməsi və qaçqınların Türkiyədən keçib Avropaya axışması Avropa Birliyini pis vəziyyətə salırdı. Odur ki, Avropa ölkələri də koalisiya yaradıb Suriyaya girmək üçün İŞİD-i terrorçu təşkilat elan etdilər və ona qarşı mübarizəyə qalxdılar. Odur ki, Rusiya çox asanlıqla Əsədin köməyinə gəldi, Koalisiyanın edə bilmədiyini etdi, Xəzərdən atdığı “Kolibri” qanadlı raketləri vasitəsi ilə islamçıları darmadağın etməyə başladı. “Kolibri” Suriyada vəziyyəti prezident Əsədin xeyrinə həll etsə də, ABŞ və Türkiyə əməliyyatlara qoşuldular və bundan sonra vəziyyət yenə də kritik hala gəldi və davam etməkdədir. 
Bununla belə, Dəməşq bu saat ölkənin ən real qüvvəsidir və onun əlində hər bir imkan vardır ki, ölkəni terrorçulardan təmizləsin.
Geosiyasi poliqonda ABŞ, yeni təyyarələr və yeni silahları meydana göndərdi, ancaq Rusiyanın 2 dənə SU-57-nin uçuşu bütün planlarını pozdu. ABŞ başa düşdü ki, rusların təyyarələri daha güclü texnologiyaya malikdirlər.
ABŞ-ın bütün müharibələrdə olduğu kimi, yenə də bir məqsədi vardır. Öz silahlarını NATO qoşunlarına satsın. D.Tramp hakimiyyətə gələndən sonra Hərbi sənaye komplekslərini işə salmağa və yeni silahlar istehsal etməyə başladı, ancaq bu silahları Avropa almırdı. ABŞ-ın Abrams tankları satılmırdı. Odur ki, ABŞ NATO-nu məcbur etməli idi ki, onun silahlarını alsınlar.
Suriya poliqonu bunu  üçün ən lazımlı yer idi. Odur ki, kürdləri yeni silahlarla təmin edərək, Türkiyəni Afrinə girməyə təhrik etdilər.
Kürdlər Afrini tərk etsələr də, onların əlində olan kiçik ölçülü idarə olunan raketlər bircə anın içində Türkiyənin “Tiqr”larını, yəni Almaniya tanklarını yandırıb konserv bankasına çevirirdilər.
Türkiyənin NATO-nun forpostu olduğunu nəzərə alsaq, vəziyyəti, yəni texnoloji nöqteyi-nəzərindən, heç də yaxşı deyil. Kürdlər ABŞ silahını və yeni döyüş taktikasını tətbiq edən tərəfə çevrilmişdir.
ABŞ İŞİD vasitəsi ilə bu taktikanı işlətmişdi və onun nəticəsində İslamçılar böyük bir dövlət də yaratmışdılar . ABŞ hərbiçiləri burada dünyaya göstərmək istəyirlər ki, kiçik bir dəstə ilə böük bir ordunun qarşısına çıxmaq və onun dayandırmaq olar. Onların yeni döyüş taktikasının mahiyyəti budur.
Rusiya bu ölkəni darmadağın etdikdən sonra və İŞİD ABŞ-ın imicinə zərbə vurduğundan, amerikanlar kürdləri dəstəkləməklə onlara daha müasir silahlar verdilər ki, NATO silahlarına və ordusuna qarşı yeni taktika ilə mübarizə aparsınlar.
Odur ki, Türkiyə qoşunları Afrinə girəndə biz vəziyyətin xoşagəlməz olacağını demişdik. 
İndi Şimal Şərqi Suriyada kürdlərin aldıqları geniş ərazidə, ABŞ instrukturları “kompakt silahları” və onlardan istifadəni kürdlərə öyrədirlər. Bu o deməkdir ki, Türkiyə qoşunlarına qarşı ciddi müqavimət gözlənilir və bu ölkə Suriyada  uduzarsa, ölkənin parçalanmasına gətirib çıxaracaq, çünki MKİ-nin polkovniki Pitersin Kürdüstan yaratmaq layihəsi işə düşəcək.
Kürdüstanın yaradılmasında ABŞ hansı məqsədi güdür? - sualı ortaya çıxır. Əgər fikir vermişsinizsə, kürdlərin məskunlaşdığı ərazi neft və qazla doludur. Kürdüstan yaradılsa, ən qüdrətli dövlətə çevrilə bilər və İrana qarşı gedər, yəni İranın da parçalanmasına gətirib çıxara bilər. Belə çıxır ki, Kürdüstanın yaradılması, İranın dağılmasına yönəldilən, türk demişkən, “geosiyasi projedir” və ABŞ-ın Yaxın Şərqdə məqsədi elə budur.
Rusiya və Suriyanın Afrin əməliyyatı ərəfəsində kənara çəkilməsi və Türkiyənin çox asanlıqla bura girməsi üçün şərait yaratmaları, bizə elə gəlir ki, Putin və Trampın gizli danışıqları nəticəsindədir.
İndi hər şey kürdlərlə türklərin toqquşmasından və hansı tərəfin qalib gəlməsindən asılıdır.
Prezident Əsəd isə öz ərəblərini tərk-silah etməklə, daha da güclənəcək və gələcəkdə öz torpaqlarına yiyə duracaq.
Bəs fövqəl dövlətlər?
-Geosiyasi poliqonunun mahiyyəti ondadır ki, fövqəl dövlətlər burada dünyanı bölüşdürməklə aralarında tarazlıq yaradırlar. Tərəzi gözü kimi. İndi hansı ölkənin hansı tərəzinin gözündə olacağı həll olunur, odur ki, bütün ölkələr kimi, Azərbaycan da öz düşdüyü geosiyasi düşərgəsini seçməlidir, çünki əks halda bizim ölkəni də Suriyanın gününə sala bilərlər.

Category: Azəricə | Views: 232 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları