Dil

Azəricə [55]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » January » 21 » Söyüş bəzən dərman da olur, Aqil müəllim!
21:33
Söyüş bəzən dərman da olur, Aqil müəllim!

“İftira igidin ətini sıxlaşdırır, imanını da gücləndirir…”-Diriliş Ərtoğrul
Salaməleykum!.. 

…Bir gün bir məmləkətin padşahı ağır iflic xəstəliyinə düçar olur. Yatağına qaxılıb nə bir kəlmə danışa, nə də tərpənə bilir.  Sarayın məşhur həkimləri, əyalətlərin, qonşu ölkələrin say-seçmə təbibləri- heç biri hökmdarın dərdinə əlac tapa bilmir. Nəhayət, bir ucqar kənddən türkəçarə ilə məşğul olan bir loğman peyda olub deyir ki, mən padşahı müalicə edərəm. Amma bir şərtim var ki, hökmdar mənimlə içəridən qıfıllanmış otaqda yalnız qalacaq, onu incidən nə etsəm də, səs-küy qalxsa da, heç kəs otağa daxil olmayacaq və sonda padşah  nəyəsə görə məni cəzalandırmayacaq. Padşah da, vəzir-vəkili də  nbsp;çarəsiz qalıb razılaşırlar. Beləliklə, hamı çəkilib gedir. Təbib padşahın  o tərəf bu tərəfinə keçib nəbzini, təzyiqini yoxlayır-filan… Və beqafıl dik ayağa durub düz hökmdarın gözünün içinə baxa-baxa başlayır ona dişinin dibindən çıxanı deməyə:”Ay vicdansız, ay şərəfsiz, bu zavallı xalqın başına nə oyunlar açırsan, niyə bir belə zülm edirsən bu rəiyyətə? Ay alçaq, ay zülmkar, ay tamahkar! Niyə bu ölkənin  sərvətini talamaqdan, qızıl-gümüşdən, eyş-işrətdən gözün doymur?!.” Padşah isə nifrət dolu gözlərini təbibə zilləyərək dəbərməyə, əsəbi halda  nəsə qımıldanmağa və ayağa qalxmağa çalışır. Həkim isə yavaş-yavaş söyüşün dozasını artırır: “Ay binamus, ay biqeyrət, sənin atan belə, anan belə, bacın belə…”   Qəzəbindən, az qala, gözləri hədəqəsindən çıxan hökmdar gözlənilmədən özündə güc tapır və zorla əlini yatağa dayayaraq qalxıb oturur. Birdən onun dili də açılır, kəkələyə-kəkələyə həkimə bir neçə sözlə cavab da verir. Loğman isə susmaq əvəzinə, daha da  qızışır və padşahın ünvanına dünyada misli görünməmiş ən nalayiq sözlər, təhqirlər işlədir… Artıq həkimin əndazədən çıxdığını görən  hökmdar isə ayağa durub cangüdənini-filanını səsləyərək həkimə sarı cumur. O, isə pəncərədən tullanır və hazır vəziyyətdə qoyduğu atına minib götürülür. Bir təhər qapını qırıb içəri daxil olan əshabələri padşahı  ayaq üstdə görəndə məəttəl qalırlar. Padşah isə onların üstünə bağırıb əmr edir ki, tez atımı gətirin, o köpəkoğlunu tutmalıyam. Hökmdar həyətə enib həmişəki kimi atının belinə  atlananda bütün saray əhlinin gözü kəlləsinə çıxır. Padşah isə  atını səyirdib ildırım sürətilə loğmanın dalınca çapır. Amma artıq gec olur, həkimin izi-tozu qalmamışdı… Hökmdarın nəfəsi kəsilib yorulur, bir bulaq başında atdan düşür, su içib özünə gələndən sonra əshabələri başına yığışıb sağaldığına görə dil-ağız edərək soruşurlar ki,  padşah sağ olsun, bəs necə oldu  ki, birdən-birə şəfa tapdınız. Padşah cavab verir ki, məni bax, o qovaladığımız loğmanın söyüşləri sağaltdı. Gedin onu tapın və ədəb-ərkanla yanıma gətirin. Loğmanı tapıb saraya gətirirlər. Heç kəsin gözləmədiyi halda  padşah onu bağrına basıb deyir ki, sən məni yenidən həyata qaytardın, sənə öz ağırlığında qızıl verəcəyəm. Sonra da üzünü əyan-əşrəfinə tutur ki, bu loğmanın söyüşləri nəinki mənim iflic olmuş bədənimi sağaltdı, həm də məni ayıltdı. Bu kişinin şəxsiyyətimə, ailəmə qarşı dedikləri haqsız olsa da, bu xalqın başçısı kimi söylədiklərinin çoxu gerçəkdir, bundan sonra rəiyyətə heç bir  zülm etməyəcəm, kiməsə əziyyət verən, alçaldan vəzir-vəkilin, məmurun isə boynunu vurduracağam…
 
Nə vaxtsa hansısa bir kitabdan oxuduğum bu qədim pritçanı ustad  həmkarımız, dəyərli qələm sahibi, xalq yazıçısı, deputat   Aqil Abbasın  “Ədalət” nəşrində  yazdığı və Moderator.az -da da təkrar təqdim etdiyimiz “Söyüş söyənlə onu çatdıran əlli-əlliyədir” (http://www.moderator.az/news/190767.html) yazısını oxuduqdan sonra xatırladım. 
 
Hörmətli Aqil müəllim, bir ağsaqqal  həmkar, əvəzsiz söz yiyəsi kimi sizə böyük sayğımız var. Artıq 3-cü onillkdir ki, tanışıq, bir yerdə dəfələrlə çörək kəsmişik, məclislərimizdə iştirak etmisiz. Daim mətbuatda, tədbirlərdə barəmizdə gözəl fikirlər söyləmisiz. Br deputat kimi də nəinki parlament iclaslarında iştirak edən, bütün jurnalistlərə diqqətlə yanaşmısız. Sizin Moderator.az saytında  oxucularımızın siyasi analitik və publisist kimi tanıdığı Tahir Cəfərlinin  “Qarabağı ermənilərə ruslar yox, öz hakimiyyət aşiqlərimiz verib” (http://www.moderator.az/news/190352.html ) başlıqlı müsahibəsinə  görə baş redaktor Zülfüqar Hüseynzadə və müsahibəni qələmə almış müxbir olaraq bəndənizin ünvanına söylədikləriniz tənqid və qınaqları da məmnuniyyətlə qəbul edirik. Ancaq izninizlə biz də kiçik qardaşınız kimi mövzu barədə öz fikirlərimizi söyləyək. 
 
Əvvəla, Moderator.az çox rəngarəng saytdır. Özümüzü tərifləməkdən uzağıq. Hər şey göz qabağındadır. Biz mümkün qədər hər cür mövqe, fikir sahibinə meydan veririk. Əlbəttə, daim çalışırıq ki, dinimiz, milli dəyərlərimiz, dövlətçiliyimizlə bağlı müsbət auralı materiallara daha çox yer verək. Amma hər kəsin söz demək haqqı olduğundan bəzən əks düşüncələrə də meydan veririk.  Doğrusu,  bəzi xəbər, yazı və müsahibələrdən özümüz də bir vətəndaş, azərbaycanlı olaraq iyrənirik. Amma sonra düşünürük ki,  Moderator.az  azad olmağa çalışan mətbu orqanı kimi bir tribunadır, qoy, hər kəs öz sözünü desin. Onsuz da, Həzrət Əli(s.) demiş, hər kəs dilinin altında gizlənib: öz sözləri ilə kimliyini nümayiş etdirəcək. İkincisi də, oxucular, xalq özü yaxşını pisdən seçir… 
 
Yaxşı yadınızda olar, bir dəfə mərhum prezident Heydər Əliyevin jurnalistlərlə  görüşündə Rauf Arifoğlu dedi ki, Heydər müəllim, bu qardaşınız Cəlal Əliyev tez-tez bizi söyür. Heydər Əliyev özünəməxsus  gülüşü ilə qayıtdı ki, siz ona fikir verməyin, hərdən o, mənim özümü də söyür.  İndi, arada elə oxucular olur ki, bizləri, Moderator.az-ın əməkdaşalarını da tənqid edir- çox vaxt biz buna da meydan veririk. Elə bu xalqa qarşı yanlış mövqedə olanlar da Moderator.az-ın tribunasında özləri də bilmədən özlərini ifşa edirlər… 
 
Son təxminən  bir həftə ərzində  ətrafında qalmaqal yaranmış  Tahir Cəfərlinin müsahibəsinə  gəldikdə, hər hansı bir müsahibin mövqeyinə biz öncə jurnalist kimi təmkinlə yanaşmalıyıq. Hər bir mənfi saydığımız fikrə reaksiya verib əks sual versək, artıq bu, müsahibə yox, mübahisə olacaq.  Buna rəğmən T.Cəfərli ilə müsahibəyə də biz ümummilli mənafelər baxımından yanaşaraq Rusiyanın, Sovet İttifaqının Azərbaycana yönəlik imperialist mövqeyinin  sanki unutdurulmasına yönəlmiş fikirlərə əks suallar ünvanlamışıq. 
 
Həmin müsahibədə əsas 3 məqam bir çox oxucuların hiddətinə səbəb olub. Birincisi, “biqeyrət Qarabağ bəyləri” ifadəsi və Azərbaycan xanları haqda mənfi fikirlər. İkincisi,1988-ci ildən başlanmış milli azadlıq hərəkatına kölgə salınması. Üçüncüsü, Azərbaycanın nicatını işğalçı Rusiya ilə ittifaqda görmək. Məqsədim  heç də Tahir Cəfərlinin bütün fikirlərinə haqq qazandırmaq deyil. Amma ədalət naminə, bəzi gerçəkləri bilməyiniz vacibdir. Əvvəla, bu insan 30 ilə yaxındır, BDU-da müəllim kimi çalışır. 26-cı ildir ki,  “Dil və ədəbiyyat”  beynəlxalq elmi-nəzəri jurnalının baş redaktorudur. Rus dilində “Qarabağ tələsi” adlı siyasi-publisistik kitabın,  qeyrətli Azərbaycan ziyalısı Şıxəli Qurbanovun  və digərlərinin Azərbaycanda ilk dəfə Novruz bayramı keçirməsi və sonda sovet “KQB”-si tərəfindən qətlə yetirilməsindən bəhs edən “Öncəgörən” romanının və s. müəllifidir. Bundan əlavə, T.Cəfərlinin müxtəlif sahələr üzrə erməniləri ifşa edən neçə-neçə məqaləsi dərc olunub. Elə sözügedən müsahibəsindən iki gün öncə Moderator.az-ın rus versiyasında ermənilərin öz əlifbalarını qədim Efiopiya əlifbasını oğurlamaqla qondardığını sübut edən “Ermənilər qədim efiop əlifbasını oğurlayıb” başlıqlı elmi məqaləsi(http://www.moderator.az/ru/news/24752.html)təqdim olunmuşdu. Bilmirəm… Belə bir azərbaycanlını hansısa subyektiv siyasi fikri və nataraz ifadəsinə görə birbaşa  dövlətə xəyanətdə, Rusiya agenti olmaqda, “5-ci kalon”a xidmət etməkdə günahlandırmağa haqqımız varmı? Türklük, müsəlmanlıq prinsiplərinə görə hətta düşməninlə də mübahisədə, savaşda ədalətlə davranmalı, artıq söz və əmələ yol verməməlisən…
 
Qarabağ bəyləri haqqında söylədiklərinə gəldikdə internet vasitəsilə götürdüyüm müsahibədən sonra Tahir Cəfərli ilə üzbəüz ətraflı söhbət  etdim. Onun nəzərinə çatdırdım ki, elə mənim öz ulu babalarım da Pənahəli xanın dövründən bəri yaşamış bəylər olub, siz hansı əsasla belə ifadələr işlədirsiz, bunun sübutunu göstərin. O, söylədi ki, əvvəla, mən bütün Qarabağ bəylərini deyil, bəzilərini nəzərdə tutmuşam. Həmin bəylər ermənilərin düzəltdiyi tut arağından vurub axçilərlə eyş-işrətə uyduğundan doğrudan da onların Qarabağdan getməsini istəməyib. İkincisi də  bu haqda hələ sovet dövründə Sankt-Peterburqda arxivlərdə çalışarkən Qriboyedovun  rus çarına məktublarında oxumuşam.  Tahir müəllimdən tələb etdim ki, həmin məktubları yerbəyer tapıb bizə təqdim etsin. O da buna söz verdi. Tahir Cəfərli bir daha öz yazılarıyla Moderator.az-da çıxış etmək istəyirsə, həmin sənəd-sübutu gətirməlidir…
 
Amma gəlin, obyektiv danışaq, bütün xalqlarda, ölkələrdə olduğu kimi, Azərbaycanda da xəyanətkarlar olub. Olmasaydı, torpaqlarımız bu dərəcədə işğal olunar, parçalanardımı? Aqil müəllim, ədəbiyyatımızı gözəl bilirsiniz. Rəhmətlik Mirzə Cəlilin yaratdığı bəy obrazları məgər gerçəkliyi əks elətdirmirdimi?  Araq, çaxırdan içib meymun sifətinə düşərək rus pristav və naçalniklərə, onların arvadları, hətta itlərinə belə, yaltaqlanan, rusların qarşısında təlxəklik edən, nökəri Kəbleyi Qasıma zorla şərab içirməyə çalışan Qurbanəli bəyə, yaxud dostunun dul arvadına göz dikmiş, kəndlilərə zülm edən Xudayar bəyə qeyrətli demək olarmı? Belə nümunələr kifayət qədərdir...  Bu gün şəhid adını daşıyan  məktəblərin müəllimindən, süpürgəçisindən rüçvət toplayan didərgin bölgə başçılarımız, təhsil müdirlərimiz olduğu kimi, dünən də belə milli heysiyyatsız, tamahına, şəhvətinə qul olan  böyüklərimiz olub...
“Milli azadlıq hərəkatını niyə aşağılamısız?” sualına cavabda Tahir Cəfərli meydanlarda, səngərlərdə can qoymuş sıravi hərəkatçıları, cəbhəçiləri deyil, liderləri yanlış yolda olduqlarına, kənardan idarə olunduqlarına görə qınadığını söyləyir. Dinimiz baxımından da yanaşanda heç bir  kəsi bütləşdirmək olmaz. Və Peyğəmbərdən savayı hansısa dini, yaxud siyasi lideri qəbul etmədiyinə görə kimisə xəyanətdə suçlamaq da doğru deyil...
 
Rusiyapərəstliyə gəldikdə T.Cəfərli Azərbaycanın nicatını Rusiya ilə  normal, yaxın münasibətlər qurmaqda görür. Və hazırda ölkədə bu düşüncədə olanlar xeylidir. Bunun da başlıca günahkarı Azərbaycanda korrupsiya, rüşvətxorluq, inhisarçılıq, bahalıq və məmur özbaşınalığına şərait yaratmaqla xalqa “biz müstəqil yaşaya bilmərik” düşüncəsini təlqin edən məmur və oliqarx klanlarıdır. Və əsl “5-ci kalon” elə belələridir...  
 
İkincisi də gəlin, biz də normal elmi, tarixi-siyasi bir mükalimə açaq. Tahir Cəfərliyə və s. sübut edək ki, məsələn, çıxış yolu Amerika ilə yaxın ittifaq qurmaqdadır. Amma gerçək düşünək, SSRİ-ni dağıdıb bizi bu imperiyanın birbaşa əsarətindən qurtaran ABŞ, Avropa bizə son 26 ildə həqiqi demokratiya gətirdimi? Yoxsa Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya və s. gətirdi? Milli, dini dəyərlərimizə nə qədər zərbələr dəydi son 3 onillikdə? Onda niyə milli kökümüzə və dinimizə tamamilə zidd olan biabırçı arsızlıq, abırsızlıq  dəyərlərini ölkəmizə daşıyan Aygün Kazımovaları, Röyaları, Samirləri, bambılı şeirləri ilə ədəbiyyatmıza həqarət edən Elzaları vətən xaini elan etmirik? “Açıq Cəmiyyət” adı altında QHT-lərə milyonlar buraxmış dələduz milyarder Corc Sorosun iç üzünü bütün dünya açmaqdadır. Onda gəlin onun parası ilə meydan sulamış bütün QHT və partiya liderlərini vətən xaini elan edək!.. 
Bəlkə Ermənistana yardım edən, qucaq açan İranda görək nicatımızı? Yoxsa kafirlərin, türk düşmənlərinin əhatəsində faktiki olaraq öz  müstəqilliyi, bütövlüyü uğrunda çarpışan qardaş Türkiyədən imdad diləyək?.. 
 
Dərindən, obyektiv, heç bir siyasi gücə, konyukturaya söykənmədən düşünəndə görərik ki, Azərbaycan xalqının nicatı öncə özündədir. Özümüzdə güc tapmaq üçün isə əvvəlcə özümüzə qayıtmalıyıq, kimliyimizi, kökümüzü dərk etməliyik. Ümummilli qeyrətimizi, mənliyimizi oyatmalıyıq. Həm də yalnız danışmaqla yox, gerçək işlə, əməllə. Yəni milli qeyrətdən, namusdan danışanlar öncə özləri, öz şəxsi və siyasi həyatlarıyla xalqa nümunə olmalıdırlar...
 
Yuxarıdakı pritçanı əbəs yerə yazmadım, Aqil müəllim! Görürsünüz, bir dənə “biqeyrət” sözü neçə-neçə insanı tərpətdi, düşündürdü, əlinə qələm götürməyə sövq etdi? Yadımıza bir daha saldı ki, bizim kökümüz, əslimiz, qeyrətli xan, bəy babalarımız, Cavad, Hüseynqulu xanlarımız, Sultan, Xosrov bəylərimiz və s. olub. Və özümüzə sual verməyə başladıq: biz bir müsəlman, türk, azərbaycanlı olaraq  müsəlmanlıq, türklük atributlarına əməl edirikmi? Biz haramdan, yalandan, şərabxorluqdan, zinakarlıqdan, sələmdən, qumardan, rüşvətxorluqdan, oğurluqdan, namərdlikdən, vəzifəyə getmək üçün başqalarının ayağının altını qazımaqdan və s. uzaq dururuqmu?..  
 
Yəni söyüş bəzən bütöv bir xalq üçün də dərman ola bilir. İslamda, təsəvvüf elmində də belə prinsiplər var: müsəlmanı mətinləşdirən, imanını möhkəmlədən Şeytan və onun yoluyla gedən düşmənlərimizdir. Bunları Allah əbəs yerə qarşımıza çıxarmır. Hamısı bir ibrət dərsidir. Məhz nəfsimizin Şeytanla, özümüzün kafir düşmənlə, daxilimizdəki çoxüzlülərlə mübarizəsində öz mənliyimizi, möminliyimizi təsdiqləyirik. Bu günədək bir xalq olaraq Roma, yunan, fars, ərəb, rus, ingilis və s. imperiyalar, onların erməni kimi əlaltılarıyla mübarizədə özümüzü təsdiqləyib kiçik bir ərazidə olsa da, dilimizi, adımızı, milli kimliyimizi qoruyub saxlamışıq. Amma bu gün də o hücumlar, iftiralar, işğallar, həmlələr davam edir. Bu da bir imtahan yeri olan dünya həyatının, inkişafın qanunudur. Biz ümummilli qeyrətimizin varlığını isbatlamaq üçün nə yolla olursa-olsun, torpaqlarımızı, Qarabağımızı işğaldan azad etməliyik... 
Birdən deyirəm ki, bu kafir ermənilər arada bir mövqelərimizə tərəf güllə, mərmi atmasa, Qarabağın, Zəngəzurun, Göyçənin bizim torpaqlar olduğu da yadımızdan çıxar. Bəzən daxilimizdə də biri-birimizə atdığımız söz “güllə”ləri bizi ayıldır, səfərbər edir. Milyonlarla türkün, müsəlmanın böyük maraqla seyr etdiyi “Diriliş Ərtoğrul” adlı möhtəşəm ekran əsərində  Süleyman şah oğlu Ərtoğrul daxili düşmənlərinin ona iftira atdığı bir məqamda əbəs yerə söyləmir:”İftira igidin ətini qatılaşdırır, imanını möhkəmlədir...”
 
Sultan Laçın
Category: Azəricə | Views: 189 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları