Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » October » 22 » Oykonimlər
13:34
Oykonimlər
                                      

Məzahir Təhməzov

Müstəqil tədqiqatçı

II dərəcəli hüquqşünas

 

 

 

Kənd adlarının mənşəyi - 1

 

Kəlbəcər - bu adın yaranması haqqında yekdil bir fikir yoxdur. Qocaman adamların dediyinə görə Kəlbəcər - Kərbəlayı Həcər adlı bir şəxslə bağlıdır. Onun sərdabəsi (kümbəzi) rayonun qəbirstanlığında idi.

Digər bir varianta görə Kəlbəcər «gəl becər» sözündən götürülüb. Belə ki, rayonun ərazisi maldarlıq üçün çox əlverişlidir. Münbit torpaqları, geniş yaylaqları, subalp çəmənlikləri, meşələri, sərin suları və s. olan strateji bir yerdir. Aran rayonlarından, Qarabağdan və digər yerlərdən yayda yaylamaq üçün bu əraziyə gəlirdilər. Onlar payızda geriyə - öz yerlərinə qayıdanda soruşurmuşlar ki, gedib yayladığınız yerlər necə yerdir. Onlar da belə cavab verərmişlər ki, gəl becər, gör necə yerdir. Gəl, gör, becər. Bu variant daha ağılabatandır. Hər halda Kəlbəcər sözünün dəqiq mənası araşdırılmayıb.

İstisu qəsəbəsi onun ərazisində çıxan mineral «istisu»yun adı ilə bağlıdır.

Abdullauşağı kəndi Abdulla adlı şəxsin adi ilə bağlıdır. Abdullauşağı, yə​ni Abdulla kişinin nəslindən olanlar və ya Abdulla kişinin uşaqları yaşayan kənd kimi nəzərdə tutulur.

Ağqaya kəndi - onun ətrafında olan Ağqayanın adı ilə bağlıdır.

Ağyataq kəndi - kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də «Yağ yataq» deyirlər. Kəndin ərazisində «Ağyataq» adlanan mineral filiz yatağı sahəsi da var. Kəndin adı buradan götürülmüşdür.

Ağdaban kəndi Murovdağ silsiləsinin ətəyində yerləşir. Kəndin yerləşdiyi ərazidə çox sayda fıstıq ağacı var. Fıstıq ağacı olan ərazi həmişə ağ dumanla örtülü olur. Dumanlı dağ silsilələrində həmişə şeh olur. Duman şehliyir, elə​ bil ki, göydən ağ buludlar yerə damır. Kənd ağsaqqallarının söylədiklərinə gö​rə əv​vəllər kəndin adı Ağduman və ya Ağdaman adlanırmış, sonradan bu söz Ağ​daban adlanıbdır.

Başqa bir variantda Ağdaban sözünün yaranmasını monqol-tatarların Az​ə​r​​​​​baycana gəlməsi ilə əlaqələndirirlər. Deyilənlərə görə monqol-tatar qoşunları səfər za​manı Murovdağ silsiləsindən aşarkən indiki Ağdaban kəndinin yerləşdiyi ərazidə dincəlməli olurlar. Bu ərazidə dağ ağ rəngə çalır. Daban monqol-tatar ləhcəsində dağ deməkdir. Ağdaban yəni, Ağ rəngli dağın ətəyində yerləşən kənd deməkdir.

Kəndin bünövrəsini XIX əsrin sonlarında Kəlbəcərin Dəmirçidam kəndindən gələn Məşədi Məmmədalı, Məşədi Hümbət, Kərim, Qasım və bir neçə nəfər digər qohum - əqrəba qoymuşlar.

Ağdaş kəndinin adı Ağdaş dağının adından göturülmüşdür. Kənd ağ rəngli qayaları olan dağın ətəyində yerləşir.

Ağcakənd - Laçın rayonunun Ağcakəndində yaşayan varlı adamlar mal-qoyun saxlamaq üçün bu kəndin yerləşdiyi ərazidən binə yeri kimi istifadə edirmişlər. Kəndin bir nəfər varlı sakini Ağca adlanan qızını ərə verir. Həmin qız öz həyat yolda​​​​​şı ilə yaşamaq üçün bu binə yerinə gəlir və kəndin bünövrəsini qoyurlar. Ağcanın şərəfinə kəndi Ağcakənd adlandırırlar. Ağca sözünün mənası ağ rəng deməkdir.

Alaqaya kəndi - kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir. Bu ərazidə kənddən 2-3 km məsafədə ala rəngli böyük bir qaya var. Hə​min qayanın adı ilə kənd belə adlanır.

Alçalı kəndləri: rayonun ərazisində 3 Alçalı kəndi var. Alçalı (Qılışlı sovetliyi), Alçalı (Daşbulaq sovetliy) və Alçalı (Günəşli sovetliyi) - bu kəndlər alça ağacları ilə bol olan ərazilərdə yerləşdiyinə görə belə adlanırlar.

Almalıq kəndi - kəndin sakinləri əvvəlki dövrlərdə kəndin «Gözlü bulaq» və «Otaqlar» adlanan ərazilərində yaşayıblar. Sonralar kənd sakinləri hər tərəfdən al​ma ağacları ilə bol olan meşə örtüyü ilə əhatə olunan ərazidə məskunlaşıb və həmin ərazini də Almalıq adlandırıblar.

Alırzalar kəndinin adı onun bünövrəsini qoyan Alırza adlı bir şəxslə bağlıdır.

Alolar kəndi - bu kənd Dərələyəzdən gəlib burada məskunlaşan Alo adlı kişinin adı ilə bağlıdır.

Armudlu kəndi armud ağacları ilə bol olan ərazidə yerləşdiyinə görə belə adlanır.

Allıkənd - kənd allı-güllü bir ərazidə yerləşir. Kəndin ərazisində «Albuxara» adlı gavalı bitir. Kənd həm allı-güllü bir ərazidə yerləşdiyinə, həm də Albuxara gavalısının bitdiyinə görə Allıkənd adlanır. Allı, yəni həm allı-güllü-çi​çək​li, həm də albuxara bitən yer deməkdir.

Ayrım kəndləri - Yuxarı Ayrım və Aşağı Ayrım kəndlərinin adları türk ayrım tayfalarının adı ilə bağlıdır. Bu kəndlər əvvələr Yuxarı Binə və aşağı binə alanıblar.

Babaşlar kəndinin adı Babakişi adlı şəxslə bağlıdır.

Başkənd başqa kəndlərə nisbətən yuxarı səviyyədə, yüksəklikdə yerləşdiyinə görə belə adlanır.

Bağırlı kəndinin adı Bağır adlı şəxslə bağlıdır.

Bağırsaq kəndi - bu kənd Bağırsaq adlanan dərədə yerləşir. Dərənin əyri, dolayı, uzun yolları var. Dərə sanki bağırsağa oxşayır. Bağırsaq sözü də bura-

dan gö​tü​rülmüşdür.

Bağlıpəyə kəndi - bu kənddə olan hər hansı bir hadisə və ya sirr kənd ağ​saqqallarının icazəsi olmadan kənara çıxmazmış. Kəndin sakinləri olmayan kənar şəxslərin kəndə girməsi də ağsaqqalların icazəsi ilə həyata keçirilərmiş. Kənd elə bil bağlı, qapalı həyat tərzi keçirirmiş. Kəndin adı sakinlərin belə hərəkətləri ilə bağlıdır.

Pəyə mal-qara saxlanılan yerə deyilir. Bu kəndin ərazisində yolları hər tərəfdən bağlı və lazımi yerdən girişi olan pəyələr də olub. Bağlıpəyə sö​zü​nün bu​ra​dan əmələ gəlməsini deyənlər də var.

Bazar kəndin adı onun bünövrəsini qoyan türk «Bazar» tayfalarının adı ilə bağlıdır.

Başlıbel kəndi - kəndin ərazisi qədim yaşayış məskəni olub. Başlıbel kəndinin ərazisində iki yüksək yal beli (dağ aşırımı) var. Bu yal be​linin biri ilə Tərtər vadisinə, o birisi ilə isə Həkəri vadisinə getmək olur. Qarabağdan Sarıyerə, Qaraarxaca, Taxtadüzə, Sərkərə, Laçın istiqamətinə və s. gedən el yolunun axırıncı aşırımı bu yal bellə​rindən keçir. Başlıbel, yəni bu ərazinin yüksəkliyinin baş hissəsində olan axırıncı yal aşırımı, başda olan yal beli deməkdir. Bu yallar iki olduğundən «dubel» (du iki deməkdir, Başdubel, Başlıbel və.s) adlanır. Başlıbel sözünün buradan yarandığı ehtimal olunur.

Kəndin bünövrəsini Laçın rayonunun Böyük (Baş) Seyidlər kəndindən gələn Seyid Nəbi, Seyid Əsəd, Seyid Abbas, Alı Xəlifəli, Kərbəlayı Cəfərli qoymuşlar.

 

(Ardı var)

Category: Azəricə | Views: 65 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları