Dil

Azəricə [56]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » November » 29 » Ödənişli ixtisaslara qəbul imtahansız olsun və məhdudiyyət qoyulmasın!
18:37
Ödənişli ixtisaslara qəbul imtahansız olsun və məhdudiyyət qoyulmasın!

 

    Azərbaycanda təhsilin, xüsusən ali təhsilin  problemləri və keyfiyyətinin yüksəldilməsi məsələləri həmişə Moderator .az-ın diqqət mərkəzində olub. Bununla bağlı daim çalışmışıq ki,  tənqidi, həm də maraqlı təklif və layihələrlə zəngin materiallar təqdim edək. 

    Bu dəfə “Facebook” sosial  şəbəkəsindən bizə tanış olan, Respublikanın sağlam qüvvələri tərəfindən əsası qoyulmuş “AMAC”  hərəkatı tərəfindən Azərbaycanda  ali təhsilin  yerli gerçəkliyə və müasir standartlara uyğun inkişafı ilə bağlı maraqlı təklif və rəyləri barədə danışmaq üçün təşkilatın yaradıcılarından biri, tanınmış analitik və publisist, BDU-nun müəllimi Tahir Cəfərli ilə söhbətləşdik.

- Tahir müəllim, təmsil etdiyiniz hərəkat tərəfindən ölkənin bütün universitetlərinə ödənişli, lakin imtahansız qəbula icazə verilməsi  barədə təklif irəli sürülüb. Artıq sosial şəbəkələrdə “Amac”ın bu təklifi müzakirə olunmaqdadır. Bu barədə danışmamışdan öncə qısa şəkildə “Amac”ın amalı, məqsədi, məramı barədə danışardınız.... 

- Bildiyiniz kimi, “amac” türkcə elə məqsəd, amal deməkdir.  Respublikanın sağlam düşüncəli ziyalılarının birliyi olan “Amac” da qarşısına konkret məqsədlər qoyub.  Bu hərəkat  Azərbaycan respublikasının dövlətçilik prinsipindən çıxış edən, azərbaycançı, Azərbaycan xalqı və Azərbaycan dilini hər şeydən üstün tutan ziyalıların beyin mərkəzidir. “Amac”  ölkəmizin qarşısına çıxa biləcək təhlükə və problemləri təhlil edib sosial şəbəkələr vasitəsilə  öz fikirlərini ictimaiyyətə çatdırır, obyektiv təhlillər aparır və müxtəlif sahələr üzrə ölkəyə fayda verəcək təkliflər paketləri hazırlayır. “Amac”da lider anlayışı yoxdur. Bütün məsələlər kollegial şəkildə həll olunur. “Amac” heç bir siyasi partiyanın və yahərəkatın tərəfdarı ola bilməz. Hərəkat yalnız bir amaca, məqsədə qulluq edir- AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏTÇİLİYİNİ QORUMAQ VƏ ONUN İNKİŞAFINA fayda verən layihələr hazırlamaq... Ali təhsillə bağlı təkliflərimiz belə işlərimizdən biridir.

- Elə isə gəlin, ali təhsillə bağlı təkliflərinizdən danışaq. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bir neçə ilə  qəbul imtahanlarının yeni modelinin hazırlanacağı haqda danışdı. Ali məktəblərə qəbul məsələsi ilə bağlı“Amac” hansı yenilikləri təklif edir? 

- Sivil dünyada ali təhsil biznes sahəsidir. Ölkəni idarə edənlər bu sahəni inkişaf etdirməklə dövlət büdcəsinə külli miqdarda gəlir gətirə bilərlər. İndi Azərbaycanın ali təhsili Qərb ölkələrindən fərqli olaraq dotasiya ilə işləyir və dövlət büdcəsindən vəsait ayrılan sahələrdən  biridir.  Ancaq Qərb ölkələrində olduğu kimi, ödənişli sistemlə qəbul imtahansız keçirilsə, ali təhsil müəssisələri büdcəyə  kifayət qədər gəlir gətirər. Yəni heç bir imtahanvermədən, sadəcə, pulunu ödə və istədiyin universitetdə oxu. Oxumaq istəyənlər üçün bütün ali məktəblərin qapıları açıqdır. Hazırda bizdə də pullu təhsil mövcuddur. Ancaq qəbul imtahanı verib gərəkli balı toplamadan heç bir nə universitetin, nə də kollecin tələbəsi olmaq mümkün deyil. Bu isə gənclərin ali məktəblərə qəbulunu məhdudlaşdırır. Biz mövcud olan məhdudiyyətləri götürüb, gənclərimizin asanlıqla ali təhsil alması üçün şərait yaratmalıyıq. Başqa sözlə desək, Qərbdəki kimi, gənclər istədiyi ixtisası və universiteti seçib pullarını ödəyib oxusunlar. Universitetlərdə pullu təhsillə oxumaq istəyənlərin üzünə qapıları açsaq, dövlət büdcəsinə milyonlarla gəlir gələr.

    Nəinki  Qərb ölkələri, keçmiş sovet  respublikalarının çoxu da xeyli vaxtdır belə təhsil sisteminə keçiblər. Ancaq baxaq, indi Azərbaycanda nə baş verir.İmtahanla ali məktəblərə daxil ola bilməyən abituriyentlər ölkəni tərk edərək  təhsil almaq üçün xarici  ölkələrə üz tuturlar. Ailələr tanıyırıq ki, övladlarını Azərbaycanda  heç imtahan verməyə də qoymadılar, orta məktəbi bitirən kimi yüksək keyfiyyətli təhsil verən dünyanın tanınmış universitetlərindən birinə lazımi məbləğdə vəsait köçürərək övladlarının həmin ali məktəblərdə oxumasına şərait yaratdılar.Üstəlik, qəbul imtahanlarıyla bağlı nə özləri, nə də balalarını stress keçirmədilər. Belə ailələr Azərbaycandan milyonlarla xarici valyuta çıxarır ki, balaları xaricdə mükəmməl təhsil alsınlar. Azərbaycandan çıxarılan bu pulların qarşısını almaq üçün ilk növbədə ali məktəblərə qəbul qaydaları dəyişdirilməli və pullu təhsildən imtahanı götürmək lazımdır. Belə olduqda, biz dünyanın sivil ölkələri kimi hərəkət edər və ölkədən xarici valyutanın çıxmasının qarşısını alarıq. Bu, hazırda iqtisadiyyatımızın aktual məsələlərindən biridir... 

- Axı bunun üçün ilk növbədə ali məktəblərimizi mükəmməl kadr və ən müasir elmi-texniki baza, keyfiyyətli dərsliklərlə təmin etmək lazımdır...

- Bu məsələlər tədricən öz həllini tapacaq. Əsas odur ki, ilk addım atılsın və pullu təhsildən qəbul imtahanı götürülsün. Bu halda ali məktəblərimizə öz istəyi ilə qəbul olan tələbələrin sayı birə beş artar. Nəticədə daxil olan gəlir hesabına ali məktəblər öz-özlərini təmin edə bilərlər. Hesablasaq, görərik ki, belə olduğu halda ali məktəblərin əldə edəcəyi gəlir dövlət büdcəsindən onlara ayrılan maliyyənin həcmindən qat-qart artıq olacaq.  Belə olan halda dövlət  ali  təhsil müəssisələriə ayrılan büdcə xərclərini də kəsmək imkanı qazanacaq. Və universitetlərin imkanları artacaq, yeni binalar, laboratoriyalar, yataqxanalar, idman komplekslərinin və s. tikintisi həyata keçiriləcək. .Bu halda təhsilin Qərb standartları səviyyəsinə qaldırılması məsələsi də həllini tapacaqdır. 

    Sirr deyildir ki, hazırda Azərbaycan ali məktəbinin diplomları heç bir Avropa ölkəsi, hətta nadir istisnalarla Türkiyə və İran tərəfindən də qəbul edilmir. Səbəb təhsilin keyfiyyətinin aşağı düşməsidir. Ali məktəblər bu saat sovet dövründəki təhsil səviyyəsində də təhsil verə bilmirlər. Bu da əsasən ali məktəblərin maddi imkansızlığı ilə bağlıdır...

    Ali məktəblərin rəhbərləri eləetməlidirlər ki, maliyyə imkanları artsın və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün əllərində ciddi maliyyə imkanları olsun. Düzdür, belə olduqda tələbələrin sayı artır. Ancaq bütün çətinliklərə rəğmən ölkənin ali təhsillinin keyfiyyəti arta bilər. Əlbəttə, əgər həmin rəhbərlər Qərb modeli ilə işləsələr. Qərb modeli dedikdə biz  Boloniya sistemi yox, Sorbon, Kembric, Berlin və s. tanınmış universitetlərin  təhsil normativlərini nəzərdə tuturuq. Ödənişli yolla qəbulu hazırda  Rusiya, Ukrayna, Belarus, Gürcüstan və s.  kimi ölkələr də həyata keçirir. Elə götürək Moskva Dövlət Universitetini. Orada pullu təhsil almaq istəyənlər, sənədlərini verib, pullarını ödəyib imtahansız qəbul olurlar. Bu prinsip bütün Rusiya Ali məktəblərində də tətbiq edilir. Odur ki, indi Azərbaycanda qəbul imtahanı verə bilməyənlər üz tuturlar Rusiyaya və başqa ölkələrə.Bu axının qabağını almaq üçün biz universitetlərimizə qəbul məhdudiyyəti qoymamalıyıq.

 

Category: Azəricə | Views: 57 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları