Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » October » 25 » Kənd adlarının mənşəyi - 3
13:17
Kənd adlarının mənşəyi - 3
                                      

Məzahir Təhməzov

Müstəqil tədqiqatçı

II dərəcəli hüquqşünas

 

 

 

Əsrik kəndinin bünövrəsini XVIII əsrin sonlarında Tovuz rayonunun Əsrik-Cırdaxan   kəndindən gələn Şano qardaşları qoymuşlar və kəndin adını öz əvvəlki kəndlərinin adı ilə adlandırmışlar. Kəndin mərkəzindən axan çay onu iki hissəyə ayırır. Kəndin bir hissəsi «Koralılar», digər hissəsi isə «Avdıuşağı» adlanır. Koralılar sözü kəndin ilk sakinlərindən olan Alı kişinin adı ilə bağlıdır. Gözləri balaca olduğuna görə ona «Kor Alı» ləqəbi veriblər. Bu hissədə Kor Alı​nın törəmələri yaşayıblar. Kəndin digər hissəsində isə Avdı kişinin tö​rə​mə​lə​ri yaşadıqlarına görə onun adını daşıyır. 

Fətallar kəndinin adı onun bünövrəsini qoyan Fətalı adlı şəxslə bağlıdır. 

Göydərə kəndi Göydərə adlanan ərazidə yerləşdiyinə görə belə ad​la​nır. Dərə göy rəngə çalır. 

Günəşli (keçmiş Kilisəli) kəndi - kəndin adı 1992-ci ilə qədər Kilisəli idı. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilisəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyulub. Kəndin ərazisi güney (cənub) olduğundan həmişə günəşli olur. Ona görə də sonradan kənd Günəşli ad​la​ndırılıb.   

Güneypəyə kəndi güney adlanan ərazidə yerləşdiyinə görə belə adlanır. Güney günəşin çox düşdüyü, yəni cənub hissəyə, yerə deyilir. Pəyə mal töv​lə​sı​nə deyilir. Yəni güneydə yerləşən mal tövlələrı olan kənd deməkdir.   

İlyaslar kəndinin adı onun bünövrəsini qoyan İlyas adlı şəxslə bağ​lıdır. 

Hacıkənd (keçmiş Sınıq Kilisə) kəndi - kəndin adı onun ərazisində uçu​lub, dağılmış alban kilisələri olduğuna görə Sınıq Kilisə adlanırdı. Kəndin bü​növ​rəsini Ələmşah adlı bir şəxs qoymuşdur. Ələmşah Kəlbəcərdən ilk Haca gedənlərdən bi​ri olmuşdur. Hacı titulunu alan Ələmşah bu kənd camaatının ulu babasıdır. 1992-ci ildə kəndin adı dəyişdirilib Hacı Ələmşahın şərəfinə Hacıkənd adlandırılmışdır.

Hacıdünyamalılar (keçmiş Vəng) kəndi - kəndin adı onun bünövrəsini qoyan Hacı Dün​ya​malının şərəfinə belə adlanır.

Həsənlər kəndinin adı onun bünövrəsini qoyan Qara Həsən adlı bir şəxslə bağlıdır. Həsənlər, yəni Həsənin nəslindən olanların yaşadığı kənd de​mək​dir. 

Həsənizi kəndi - kəndin yerləşdiyi ərazi Həsən bəy adlı bir varlının qışlaq yeri imiş. Həsən bəy yay aylarında mal-qoyunlarını yaylamaq üçün Gülüs​ta​na çıxararmış. Payız mövsümündə qar yağanda qışlağa qayıdarmış. Bir dəfə o, yaylağa çıxıb qışlağa qayıtmır. Bu kəndlə qonşu olan Umudlu kəndində Qazax ra​​yonundan varlı bir «qaçaq» yaşayırmış. Bu qaçaq öz adamlarını göndərir ki, ge​din görək Həsən bəy niyə qışlağa qayıtmayıb. Həmin adamlar Həsən bəyin dalınca Gülüstana ge​dir​lər. Onlar oraya çatanda görürlər ki, Həsən bəyin mal-qo​yununun xeyli hissəsi məhv olub, salamat qalan 10-15 baş mal-qoyunla Həsən bəy Go​ran​bo​ya-arana tərəf gedib. Həmin vaxt qar yağdığına görə Həsən bəyin izi gö​rü​nür​müş. Bu hadisəyə görə də Umudlu kəndinin adamları Həsən bəyin qışlaq ye​ri​ni «Həsənin izi» adlandırıb, bə​zi​lə​ri isə köçüb orada məskunlaşıblar.    

Heyvalı kəndi - kəndin adı heyva meyvəsinin adı ilə bağlıdır. 

Hopurlu kəndi - kəndin adı Laçın rayonunun Mirik kəndindən gəlib bu​ra​da məskunlaşan Hopur Hüseynin adı ilə bağlıdır. 

Xallanlı kəndi - kəndin adı Türkiyənin Çataçat vilayətindən gəlib bu əra​zi​də məskunlaşan xallanlı tayfasının adı ilə bağlıdır.

Xöləzək kəndi - xöləzək xanəzək və ya xıləzək sözlərindən əmələ gəl​mişdir. Belə ki, xanəzək - xan kimi yaşayan, xıləzək isə çox, həd​din​​dən artıq mə​​na​sını verir. Bu kəndin ərazisində yaşamaq üçün bol məhsul ve​rən münbüt torpa​q​​​​lar, əkin yerləri, mal-qoyun saxlamaq üçün geniş otlaqlar, yay​laqlar var. Xö​lə​zək sözünün istər xanəzək, istərsə də xıləzək sözlərindən yaran​masına bax​ma​ya​raq, hər iki halda yaşamaq üçün hər bir şəraiti olan yaşayış yeri mənasını verir. Kən​din bünövrəsini Laçın rayonunun Alxaslı kəndindən gələn «Kor Novruz» lə​qəb​li şəxs qoymuşdur. 

İstibulaq kəndi - kəndin əvvəlki adı Üstübulaq olub. Kəndin üstün​dən, yə​ni yuxarı tərəfindən çox sayda bulaq axdığına görə belə adlanırmış. Bu kən​din bünövrəsini Sınıq Kilisə kəndindən olan Topal İsmayıl adlı bir şəxs qoy​muşdur. Onun bir neçə oğlu var imış. Yaşayış yeri (məhlə yeri) olmadığından o, gə​​lib Kilsə kəndində yaşayan Qasım üşağının Babası Məhərrəm kişidən öz uşaq​larına ev tikmək üçün yer istəyir. İstibulaq kəndinin ərazisi Məhərrəm kişiyə məx​​​sus imiş. Məhər​rəm kişi həmin yeri Topal İsmayıla bağışlayır. 

İstibulağın ərazisində kənd camaatının məskunlaşmasından qabaq «Ay​am​»​  adlı qədim bir alban tikintisinin abidəsi var idi. Sonradan bu tikilini sö​küb, ye​rin​də kənd sovetinin (kolxozun idarə heyətinin) binasını inşa ediblər. 

Kaha kəndi - kəndin adı onun ərazisində çox sayda kahalar olduğundan belə adlanır. 

Kəndyeri kəndi - bu kənd qədim zamanlarda yaşayış yeri olub, sonralar xa​ra​ba​ya​ çevrilib (uçub dağılmış) kəndin yerində salındığına görə belə adlanır.  

Kərəmli (İmarət Qərvənd) kəndi - Murovdağ silsiləsi ilə Qocaqurd (Xocayurd) dağı ara​sın​da yer​lə​şir və meşəliklə örtülmüşdür. İndiki Kərəmli kəndi, 1993-cü ilə qədər İmarət-Qərvənd ad​lanıb və iki his​sə​dən ibarət olub. Camaat arasında kəndin şərq hissəsi Kərəmli, qərb hissəsi isə Almədətli (Alməətli) adlanırdı. Ev​lərin çoxu Kərəmli adlanan hissədə idi. Almədətli adlanan hissəni Gərək çayı iki hissəyə bölür. Gərək çayı Tərtərçayın sol qoludur və mənbəyini Murovdağ silsiləsinin ətəklərindən - Daşağıl, Çayqovuşan, Qaraqaya, Yel​li​yal yaylaq​la​rın​dan götürüb, İmarət-Qərvənd kəndini keçərək Qazı qəbirstanlığının yaxınlığında yerləşən «Xot» deyilən günbəzin sağ tərəfindən Tər​tər çayına tökülür. Gərək çayının sağ qolu Ağdaban çayı adlanır. Ağdaban çayı Gərək çayının bir neçə qolundan biridir. Amma xəritələrdə Gərək çayı səhvən Ağdaban çayı kimi qeyd edi​lir. Gərək çayı öz adını «Gərək» adlanan kənddən götürür. XVIII əsr mənbələrində Gərək çayının adı çəkilir. Çayın yuxarı və aşağı hissələrində «Gərəyin düzü», «Gərəyin qəbirstanlığı» adlanan yerlər var.

Xanlıqlar dövründə söz gedən ərazilər «Kolanı mahalı» adlanmışdır. Mənbələrdən mə​lum​ olur ki, bu  mahal şərqdən və cənub-şərqdən «Xəmsə» məlikləri, qərbdən isə Göyçə ma​ha​lı ilə sərhəd olmuşdur. Kolanı mahalının kəndlərindən biri olan Gərravənd (Qərvənd) kəndi də «Kolanı yurdu» kimi xatırlanan Uşacıq kəndi ilə üzbəüz olmuşdur. Ümumiyyətlə, Tərtər​ça​yın orta axarında yerləşən oba və kəndlərin əhalisi türk tayfalarındın biri olan Ko​la​nı tayfasından ibarət olmuşdur.  

Gərravənd (Qərvənd) kəndi XIX əsrin 40-cü illərində I, II, və III Gərravənd kimi xatır​lanır. Gər​ra​vənd oykonimini Gərayvənd, yəni Gəraya məxsus olan tayfa, qəbilə kimi də izah et​mək olar. Çox ehti​mal ki, Gərravənd əhalisi mən​bələrdə adı çəkilən «Gərək» kəndinin əhali​si​dir. Gərravəndi burada «Gə​rək​vənd» kimi də izah etmək olar.

XIX əsr mənbələrində I Gərravənd kimi tanınan kənd sonralar İmarət- Gərravənd adlan​dırılmışdır. İmarət-Gərravənd kənd icmasına bu günkü Sərsəng su anbarı ilə Ağdaban kəndi ara​sında yerləşən Umud​lu, Qayapəyə, Zərifli, Seyidlər, Çıraqlı, Qaragözlü, Kərəmli, Qazıxanlı, Rəsilli, Almədətli, Alıbəyli, Ərik​li, Bəylik oba və kəndləri daxil olmuşdur.

XIX əsrin ortalarından Kərəmli ayrıca kənd kimi xatırlansa da, sonralar İmarət-Gərra​vənd kənd icmasının tərkibində adı çəkilir. 1905-1918-ci illərdə Qavqaz cəbhəsindən qaçıb bu yerlərdə gizlənən erməni silahlı bandalarının müsəlmanlara qarşı törətdikləri ölüm və qır​ğın​lan​lar​la müşayiət olunan vəhşiliklərdən sonra adı çəkilən oba və kəndlər dağıdılmışdır. 1920-ci il​dən sonra geri, öz yurduna qayıdan müxtəlif kənd və obalardan olan ailələr əsasən Kərəmli ad​la​nan hissədə yerləşmişlər. Ona görə də kənd camaat arasında Kərəmli kimi tanınmış, bura qa​yı​dan ailələr İmarət-Qərvənd icmasına aid olduğu üçün sənədlərdə İmarət-Gərravənd (İmarət-Qərvənd) kimi qeyd edilmişdir.

İmarət-Qərvənd (Kərəmli) Ağdərə (Mardakert) rayonunun ən böyük azərbaycanlı türk əhalisi yaşayan kəndi olmuşdur. 1991-ci il sentyabrın 17-dən 24-nə qədər gedən döyüşdə er​mə​ni​lər kənddə olan rus hərbiçilərinin köməyi ilə evlərin çox hissəsini qarət etmiş və yandırmışlar. Kənd 24 sentyabr 1991-ci ildə işğal edilmişdir. Kənddə salamat qalmış bəzi evlər isə dekabrın 18-də yandırılıbdır. Kənddə olan rus hərbiçiləri öz «missiyalarını» yerinə yetirərək kəndi tərk et​di​lər və kənd tamamilə xarabalığa çevrilib. 

İmarət-Qərvənd kəndi 1600-ə qədər əhalisi olan 320 təsərrüfatdan ibarət idi. İmarət-Qər​vənd və Ağdaban uğurunda gedən döyüşlərdə 15 nəfər şəhid olmuş, 47 nəfər yaralanmışdır.

Ağdərə rayonu ləğv edildikdən sonra İmarət-Qərvənd kəndinin ərazisi Kəlbəcər rayonuna verilmiş və kənd rəsmi olaraq Kərəmli kimi qeyd edilmişdir. 2010-cu ilin məlumatına görə burada 302 nəfər qeydiyyatda olmuşdur. İmarət-Qərvənd kəndinin əhalisinin qalan hissəsi isə əsasən Tərtər rayonunda Çardaqlı kəndi adı altında yaşayır. İmarət-Qərvənd adı isə səhlənkarlıq nəticəsində heç bir yerdə qeydiyyatda yoxdur və tarixi adlardan biri beləcə yox olmaqdadır.


(Ardı var)

Category: Azəricə | Views: 74 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları