Dil

Azəricə [41]
Русский [94]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » July » 18 » Azərbaycan-Rusiya əməkdaşlığı güclənir
10:42
Azərbaycan-Rusiya əməkdaşlığı güclənir

Sivilizasiya tarixinə nəzər yetirsək görərik ki, nə vaxt ki, qonşu dövlətlər arasında sülh, mehriban qonşuluq, əmin-amanlıq hökm sürüb, həmin ölkələrdə tərəqqi, inkişaf  baş verib, insanların rifahı yüksəlib, dinclik, sülh bərqərar olub. Bu cəhətdən Azərbaycanın tarixən qonşu olduğu Rusiya ilə münasibətləri də istisna təşkil etmir. Bu münasibətlərin böhranlı halları da olub. Amma bu cür hallar keçmişdə qalıb və hər iki tərəf  XXI əsrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş münasibətlərlə qədəm qoyubdur. 
    Rusiya Federasiyasının  2000-ci ildə təsdiq olunmuş xarici siyasət konsepsiyasında qeyd olunub ki,  Rusiya dövləti müasir dünyanın nüfuzlu güc mərkəzlərindən biridir. Rusiyanın mütərəqqi inkişafı - onun iqtisadiyyatının yüksəlişi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, demokratik dəyişikliklərin uğurla həyata keçirilməsi, konstitusiya quruluşunun əsaslarının möhkəmləndirilməsi, insan azadlıqlarına və hüquqlarına əməl olunması üçün əlverişli xarici şəraitin yaradılmasından çox asılıdır. 
    Rusiyaya yaxın regionlarda potensial gərginlik ocaqlarının və münaqişələrin yaranmasının qarşısını almaq və mövcud olanların aradan qaldırılmasına kömək edəcək, ölkənin sərhəddi boyunca mehriban qonşuluq zolağı formalaşdırılması, dünyada RF-nin pozitiv qəbul olunması, xarici dövlətlərdə Rusiya xalqları mədəniyyətinin və rus dilinin təbliğinə kömək edilməsi də bu istiqamətdə atılan müsbət addımlar hesab oluna bilər.
    Hazırda Rusiya beynəlxalq münasibətlərin ən başlıca iştirakçılarından biridir.  O, həm də iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin “Böyük iyirmiliyinə” daxildir. Əvvəllər həm də “Böyük səkkizliyə” daxil idi (2014-cü ildə orada üzvlük dayandırıldı).  Rusiya Belorusiya il birlikdə - “Rusiya və Belorus İttifaq Dövləti”nu yaradıb. Hazırda Rusiya dünyanın 190-dan çox dövləti ilə diplomatik münasibətlərə malikdir.
    Azərbaycanın müstəqillik əldə etməsindən sonra onun xarici siyasətinin mühüm istiqamətlərindən birini Rusiya ilə münasibətlər təşkil etmişdir. Bu iki ölkəni çoxəsrlik dostluq əlaqələri, müştərək tarix və mədəniyyət, insanlar arasında mənəvi tellər birləşdirir.  
    Hər il iyun  ayında öz müstəqilliyinin ildönümünü qeyd edən Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanmış müvafiq protokol əsasında qurulmuşdur. Bu münasibətlər qarşılıqlı maraqlara əsaslanır və hər iki tərəfin təhlükəsizliyinə xidmət edir. Məhz elə həmin ildən etibarən Azərbaycanın Moskvada, Rusiyanın isə Bakıda səfirlikləri fəaliyyətə başlamışdır. 
Belə bir şəraitdə 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsasları qoyuldu. Sonrakı illərdə iki dövlət rəhbərləri arasında yaranmış dostluq əlaqələri münasibətlərin dönmədən inkişafını təmin etmişdir.

    Maraqlıdır ki, müstəqillik illərində Azərbaycanın xarici siyasətində ən çox fəallıq onun şimal qonşusu ilə münasibətlərində müşahidə olunmuşdu. Bunu da siyasi, iqtisadi, regional və mədəni amillər zəruri etmişdi. Təsadüfi deyil ki, ötən müddət ərzində dövlət və hökumət başçılarının qarşılıqlı surətdə onlarca işgüzar səfərləri baş tutmuşdur. Qarşılıqlı siyasi əməkdaşlığın inkişafı digər sahələrdə də əlaqələrin güclənməsinə müsbət təsir göstərmişdir ki, son illər biz bunun şahidi oluruq.
    1995-ci ildə ölkədə xarici iqtisadi əlaqələrin liberallaşdırılması və bazar prinsipləri əsasında yenidən qurulması prosesinin başlanması iki ölkə arasında digər sahələrlə yanaşı iqtisadi əlaqələrin də inkişafına təkan verdi. Bunun məntiqi davamı olaraq 1996-cı ildən iqtisadi əməkdaşlığa dair Azərbaycan-Rusiya hökumətlərarası komissiya öz fəaliyyətinə başladı. Artıq onun 16 iclası keçirilmişdir, 17-ci iclasın isə bu il Moskvada keçirilməsi nəzərdə tutulmuşdur. Bu komissiya ikitərəfli münasibətlərə dair konkret məsələlərin dövlət səviyyəsində həllini tənzimləyən işçi mexanizmdən ibarətdir.
    İki ölkə arasında mövcud olan və daima inkişaf edən müqavilə-hüquq bazasının başlıca strateji xarakterli sənədi “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 1997-ci ildə imzalanmış müqavilə oldu. Həmin müqavilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya etdiyi rəsmi səfəri çərçivəsində imzalanmışdı. Bu səfərdən sonra münasibətlər daha yüksək mərhələyə qədəm qoydu. Hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-dən çox dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir.
    2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə qarşılıqlı münasibətlərin inkişafı yolunda bir sıra ciddi addımlar atıldı.    Sonrakı illərdə də Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər və sazişlər imkan verir ki, bu münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə edək. Artıq ki ölkə arasında möhkəm müqavilə-hüquqi baza yaradılmış, təkcə iqtisadi sahədə 30-dan çox sənəd imzalanmışdır. 2013-cü il avqust ayının 13-də Azərbaycana səfər edən Vladimir Putin azərbaycanlı həmkarı ilə siyasi problemləri və Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib. Səfərin yekunlarına əsasən, neft və qaz hasilatı sahəsində əməkdaşlıq və iki dövlətin sərhədində avtomobil körpüsünün inşası ilə bağlı sazişlər imzalanıb.
    Təsadüfi deyil ki, son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir həyata keçirilmişdir. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, onun bir sıra subyektləri ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanmışdır.
    Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanla Rusiya arasında hər həftə 140 aviareys həyata keçirilir. Bu faktın özü iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu göstərir. Bu işdə siyasi və ticarət-iqtisadi amillərlə yanaşı mənəvi tellərin rolu da qeyd olunmalıdır.
    İki ölkə arasında ticarət-iqtisadi münasibətlər Rusiya və Azərbaycan hökumətləri arasında azad ticarət haqqında 30 sentyabr 1992-ci il tarixli saziş və ondan sonra vaxtaşırı imzalanmış protokollar ilə tənzimlənmişdir. 2002-ci il yanvarın 25-də iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri haqqında iki hökumət arasında imzalanmış saziş qarşılıqlı iqtisadi münasibətlərin inkişafında yeni mərhələ açdı. Sərmayə qoyuluşlarının qarşılıqlı müdafiəsi və həvəsləndirilməsi haqqında iki hökumət arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli saziş isə əməkdaşlığı daha da gücləndirdi.  
    2006-cı ilin mart ayından Bakıda Rusiya Federasiyasının Ticarət nümayəndəliyinin fəaliyyətə başlaması qarşılıqlı ticarət mübadiləsinin artmasına müsbət təkan oldu. Həmçinin Tatarıstanın və Dağıstanın nümayəndəlikləri Azərbaycanda fəaliyyət göstərirlər. 
    Son zamanlar Azərbaycanın işgüzar dairələrində Rusiyalı tərəfdaşları ilə sərmayə əməkdaşlığına maraq artır. Azərbaycanın «Azərsun Holding» şirkəti 2010-cu ilin sentyabr ayında Beloreçensk şəhərində (Krasnodar vilayəti) çay çəkib bölmə fabrikini işə salmışdır. Şirkət hazırda ildə 50 milyon şərti banka gücündə meyvə-tərəvəz məhsullarının emalı üzrə konserv zavodunun layihəsini həyata keçirir. Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafında regionlararası əməkdaşlıq vacib rol oynayır. 2017-ci ildə Rusiyanın 70-dən artıq subyekti Azərbaycan ilə xarici ticarət əməliyyatında iştirak etmişdir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin 81,8 faizi məhz bu regionların payına düşür. Rusiya Federasiyasının subyektləri Azərbaycan Respublikası ilə birbaşa əlaqələri inkişaf etdirirlər. 
    Moskva və Moskva Vilayətinin, Dağıstan, Tatarıstan, Sankt-Peterburq, Həştərxan, Saratov və Sverdlovsk vilayətlərinin və digər regionların Azərbaycanla əməkdaşlıq barədə sazişləri vardır. Stavropol ölkəsinin, Astraxan vilayətinin qubernatorları, Arxangelsk vilayəti qubernatorunun müavini Azərbaycana işgüzar səfər etmişlər. Bu zaman Astraxan vilayətinin Bakıda biznes-forumu keçirilmiş, Sankt-Peterburqun mədəni-işgüzar nümayəndə heyəti, Tomsk vilayətinin işgüzar dairələrinin nümayəndələri Bakıya səfər etmişlər.  
    2017-ci ilin sentyabrında Stavropolda VIII Rusiya-Azərbaycan regionlararası forumu keçirildi. Onun işində hər iki ölkədən olan iri kompaniyaların, fərdi müəssisələrin 400-ə yaxın nümayəndəsi iştirak etmişdi. 
    Azərbaycanla Şimali Qafqaz federal dairəsi arasında ticarət dövriyyəsinin 80 faizdən çoxu isə Dağıstanın payına düşür. Birbaşa Dağıstan ilə əlaqələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda Rusiya Federasiyasının 18 subyekti Azərbaycan hökuməti ilə əməkdaşlıq haqqında hüquqi tərtib olunmuş sənədlərə malikdir. 
    Rusiya Azərbaycan ilə ticarət-iqtisadi əlaqələrdə liderlərdəndir və ikinci yeri tutur, Azərbaycan isə MDB dövlətləri arasında Rusiyanın ticarət tərəfdaşları sırasında beşinci yeri tutur. Təsadüfi deyil ki, son 4 ildə Rusiyanın subyektləri ilə 16 biznes forum, işgüzar görüş və sərgi keçirilmişdir. 
    Qarşılıqlı ticarət-iqtisadi əlaqələrin güclənməsində Rusiyada və Azərbaycanda fəaliyyət göstərən diaspora təşkilatlarının rolu da qeyd olunmalıdır. Rusiyada bir milyonluq Azərbaycan diasporunun mövcudluğu və fəaliyyəti də iqtisadi əlaqələrin güclənməsinə müsbət təsir göstərən amillərdən biridir. 
    Ümumiyyətlə, Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının güclənməsi iki dövlət arasında siyasi münasibətlərin daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. 2015-ci il iyunun 12-13-də Rusiya Federasiyasının prezidenti V. Putinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərə yeni güc verəcəkdir. Bu isə, təkcə Cənubi Qafqaz regionunda deyil, eyni zamanda bütün dünyada hərbi-siyasi gərginliyin yumşalmasına, qarşılıqlı etimadın artmasına müsbət təsir göstərəcəkdir.
    2016-cı ildə Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları yaradıldı. Onların qarşısında duran əsas vəzifələr işgüzar tərəfdaşların axtarışında tərəflərin müəssisə və təşkilatlarına yardım göstərməkdən ibarətdir. 2017-ci il dekabrın 25-də Bakıda Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının genişləndirilmiş iclasları keçirildi. Bu iclasların yekunu olaraq iki ölkə kompaniyaları arasında niyyətlər haqqında beş memorandum imzalandı. Elə həmin gün Bakıda “Rusiya İxracat Mərkəzi”nin nümayəndəliyi açıldı. Bu nümayəndəlik Rusiya ixracatçılarına öz mallarını Azərbaycan bazarına çıxarmaları üzrə dəstək verir və onlara xidmət göstərir. Buraya biznes missiyalarının təşkilindən tutmuş maliyyə dəstəyi tədbirlərinin həyata keçirilməsinədək işlər daxildir. 
    Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir və 2017-ci ilin yekunları üzrə (İtaliya və Türkiyədən sonra) ölkənin ümumi ticarət dövriyyəsində 9,48 faiz payla üçüncü yeri tutur, 17,7 faiz payla Azərbaycan idxalatında liderlik edir. 
    Rusiya qaynaqlarına görə, hazırda Rusiya-Azərbaycan ticarət dövriyyəsinin həcmi 2,6 milyard dollardan artıqdır. Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəmizin 50 faizdən çoxu Rusiyanın payına düşür. Burada maşın və avadanlıqlar, ərzaq malları, bir sözlə, həm Azərbaycan iqtisadiyyatı, həm də Rusiya iqtisadiyyatı üçün həyati əhəmiyyətli məhsullardan söhbət gedir.
    İkitərəfli ticarət-iqtisadi əlaqələrin strukturu çoxşaxəlidir. Rusiyanın Azərbaycana ixrac etdiyi məhsullar arasında ərzaq malları və kənd təsərrüfatı xammalı, maşınlar, avadanlıq və nəqliyyat vasitələri, ağac və sellüloz kağız məmulatları, kimya sənayesi məhsulları, elektrik enerjisi, qara və əlvan metallar, metal məmulatları təşkil edir.
    Azərbaycanın Rusiyaya ixrac etdiyi malların strukturunda son zamanlar mineral məhsullar (ixracatın ümumi həcminin 53 faizindən çoxu) üstünlük təşkil edir.  Ərzaq mallarının və kənd təsərrüfatı xammalının xüsusi çəkisi 19,1 faiz təşkil edir. Ərzaq malları və kənd təsərrüfatı xammalı qrupuna daxil olanlar piy və yağlar, onların fraksiyaları, ağ qənd və təmiz saxaroza, meşə qozları, fermentləşdirilmiş qara çay, tər meyvə və tərəvəzlər, çaxır-konyak məhsullarıdır. Metallar və onlardan hazırlanmış məmulatlar, maşın, avadanlıqlar və nəqliyyat vasitələri üstünlük təşkil edir.  
    Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycan bazarında 700 birgə kompaniya öz fəaliyyətini həyata keçirir. Bunlardan  300-ə yaxını sırf  Rusiya kapitalı əsasında, 400-dən artıq kompaniya isə birgə müəssisə formatında fəaliyyət göstərir. Bunlar böyük göstəricidir.  Buraya “LUKoyl” neft şirkəti, “Baltika” pivəbişirmə şirkəti, bank-maliyyə sektorunda “Nikoyl” investisiya-kommersiya bankı, Vneştorqbank (VTB) açıq səhmdar cəmiyyəti, “Rosselxozbank” bankı və digər müəssisələr daxildir.
    Azərbaycan bazarında 300-dən çox birgə müəssisə də fəaliyyət göstərir. Sənaye sahəsində Azərbaycanda bentonit palçığını istehsal edən Rusiya-Azərbaycan birgə müəssisəsi öz işini səmərəli qurmuşdur. 
    2015-ci ilin fevralında Gəncə avtomobil zavodunda “KamAZ” markalı avtomobillərin yerli şəraitdə sənaye yığımının təşkili ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Bu məqsədlə zavodda qısa müddətdə yeni yığım xətti quraşdırılıb və ilk “KamAZ” avtomobillərinin yığımı təşkil olunub. Xəttin istehsal həcmi ildə 1.500 avtomobildir. Gələcəkdə bu zavodun məhsullarını üçüncü ölkələrə də göndərmək nəzərdə tutulmuşdur. Azərbaycanda “Avtovaz” kapitalının iştirakı ilə Lada avtomobillərinin satışı, servisi, texniki xidməti üzrə “Xəzər-Lada” birgə müəssisəsi fəaliyyət göstərir. Demək olar ki, ölkənin bütün regionlarında 40-dan çox texniki xidmət stansiyası onun ixtiyarındadır.
    2016-cı ilin oktyabrında nəqliyyat sahəsində ilk birgə Azərbaycan_Rusiya müəssisəsi olan – “AzRusTrans”ın təqdimat mərasimi keçirildi. “Azərbaycan dəmir yolları” (51 faiz) və Rusiyanın iri kənd təsərrüfatı məhsulları tədarükçüsü “Rusaqrotrans”  (49 faiz) kompaniyaları bu müəssisənin səhmdarları rolunda çıxış etdilər. Həmin ilin noyabrında isə Azərbaycanda ilk dəfə olaraq Pirallahı sənaye parkında “Həyat Farm” əczaçılıq mərkəzinin bünövrəsinin qoyulması mərasimi keçirildi. Onun həyata keçirilməsində iki ölkənin müvafiq kompaniyaları iştirak etdilər. Bu zavod 2020-ci ildə işə salınacaqdır. İlkin mərhələdə zavodda 80 addan çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulub. 
    İki ölkənin energetika sistemlərinin paralel fəaliyyəti haqqında 2013-cü ildə hökumətlərarası saziş imzalanmışdı. Gələcəkdə Rusiya, azərbaycan və İranın enerji sistemlərinin əlaqələndirilməsi də nəzərdə tutulmuşdur.  
    2017-ci ilin oktyabrında Azərbaycan-Rusiya dövlət sərhəddinin Samur keçid məntəqəsi rayonunda Samur çayı üzərində körpünün əsasının qoyulması münasibətilə təntənəli mərasim keçirildi.  
    Rusiya ilə Azərbaycan arasında hərbi və hərbi-texniki sahədə də əməkdaşlıq inkişaf edir. İki ölkə arasında hərbi-texniki sahədə də fəal əməkdaşlıq müşahidə olunur. Bu gün Rusiya kimi güclü hərbi potensiala malik bir dövlət ilə əməkdaşlığın özü Azərbaycan üçün mühüm hərbi-strateji əhəmiyyət kəsb edir. İki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi 4 milyard dollarla ölçülür və bu göstərici tədricən artmaqdadır. 2003-cü ilin fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalanıb. Azərbaycanın Rusiyadan aldığı silahlar əsasən müdafiə xarakterlidir və heç bir üçüncü ölkəyə qarşı yönəldilməmişdir.
    Rusiya ilə Azərbaycan arasında mədəniyyət və təhsil sahəsində əlaqələr artan xətt üzrə inkişaf edir. Hazırda Rusiyanın ali məktəblərində 5755 Azərbaycan vətəndaşı, o cümlədən 1420 nəfər Rusiya Federasiyasının federal büdcəsi hesabına təhsil alır. 2008-ci il fevralın 27-də Bakıda M.V.Lomonosov adına MDU-nun filialı açılıb və fəaliyyətinin ikinci ilində burada təhsil alan tələbələrin sayı 200-ə yaxındır. Ümumiyyətlə, Rusiya elm və ali təhsi sistemi Azərbaycan üçün yad sistem deyil. Bu sahədə qarşılıqlı əlaqələr xeyli inkişaf etmişdir.  
    Qafqazda ümumi vəziyyət və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə ilə bağlı məsələlər nəzərə alınmaqla, sərhədyanı əməkdaşlıq ikitərəfli əlaqələrin vacib tərkib hissəsi olaraq qalır. Azərbaycanla dövlət sərhədinin delimitasiyası istiqamətində işlər davam etdirilir.
    Bütün yuxarıda deyilənlər belə bir fikrə gəlməyə əsas verir ki, Azərbaycan-Rusiya münasibətləri möhkəm özül üzərində qurulmuşdur. Bu münasibətlər qarşılıqlı maraqlara və faydaya əsaslanır, üçüncü ölkələrə qarşı yönəldilməyib, əksinə region ölkələrinin iqtisadi inkişafına, beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsinə istiqamətlənib. Bu münasibətlərin daha da güclənməsi həm Avrasiyada, həm Cənubi Qafqazda, eyni zamanda Orta Şərqdə sülh və təhlükəsizlik prosesinin inkişafına müsbət təsir göstərir. 

Atamoğlan Məmmədli

Category: Azəricə | Views: 56 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları