Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » October » 29 » AZƏRBAYCAN GƏNCLƏRİNİN QAYĞIYA EHTİYACI VAR
15:07
AZƏRBAYCAN GƏNCLƏRİNİN QAYĞIYA EHTİYACI VAR

Bu gün işsizlik Azərbaycan cəmiyyətində  sosial bəlaya çevrilmişdir. Bazar iqtisadiyyatına keçməyimiz, dünya standartlarına uyğunlaşma siyasəti, respublikamızda baş verən pozitiv və neqativ hallar, təhsil və elmin inkişafını ləngidən amillər, təhsillə istehsalat arasındakı uçurum, ali məktəblərin sənayenin və kənd təsərrüfatının sifarişlərini yerinə yetirməməsi, yeni texnologiyadan xəbərsizlik, ali təhsilin biznesə, bəzi  universitet rektorlarının biznesmenlərə çevrilməsi Azərbaycan cəmiyyətində ciddi problemlər yaratmışdır.

Bu il təkcə BDU-nu dörd mindən artıq məzun bitirmişdir. Bunların arasında yüksək savadlı və bilikli mütəxəssislər olduğunu inkar etməməliyik, ancaq gəlin, görək dövlətin hesabına, dövlət universiteti  diplomu almış gənc mütəxəssis haqqında düşünən varmı? Bunların işlə təminatı məsələsi nə yerdədir? Bir şey aydındır ki, dörd min nəfərin bir problemi vardır: sevib seçdiyi, öyrəndiyi peşəni Vətənin inkişafına necə yönəltsin?

Gənclər və idman nazirliyinin əgər bir problemı idmançılar hazırlamaqdırsa, digər əsas funksiyası gənələrin vacib problemlərini həll etməkdir. Bu hər şeydən əvvəl ali savadlıları diqqət mərkəzində saxlamaqdan, gənclərin işlə təminatından, gənc mütəxəssislərin yerləşdirilməsindən və onları dövlət himayəsində saxlamaqdan ibarətdir.

İdman zallarında bədən tərbiyəsi ilə məşğul olan bütün gəncləri bir yerə yığsaq beş-on min edər. On minlərlə ali savadlı gəncin isə problemlərini həll edəcək nazirliyin dövlət proqramı yoxdur. Bəli, dünya standartlarına uyğun olan stadionlar, üzgüçülük hovuzları vardır, ancaq bunlar gənclərin hansı sosial məsələlərinin həlinə kömək edə bilib?  

Təhsil ocaqlarından diplom alıb küçələrə atılan minlərlə məzunun taleyi görəsən aidiyyəti olan nazirlikləri kimisə maraqlandırır? Belə problemin olması haqqında Milli Məclis Prezident aparatı qarşısında məsələ qaldırıbmı? Gənclərin problemləri ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edibmi?

Dünyanın inkişaf etmiş ayrı-ayrı ölkələrində gənclərin əsas problemlərini həll edən layihələr işlənib hazırlanır. Bura onların iş, ev, təhsil və sair problemləri daxil edilir. Bu ölkələrdə  gənclərə ev almaq üçün uzunmüddətli faizsiz kreditlər verilir. Məgər AR-nın belə imkanları yoxdur?

Çoxdan tikilmiş, ancaq indiyə qədər boş qalan binaları gənclərə uzunmüddətli kreditlərlə vermək olmazmı? Bu funksiyanı Gənclər və  idman nazirliyi öz üzərinə götürüb, qanunçuluq təşəbbüsü ilə Milli Məclisdə məsələ qaldıra bilməzmi? Əlbəttə ki, bütün bunlar mümkündür.

  Gənclərin  ailə qura bilməmələri,  cavan ailələrin evsizlik, təminatsızlıq və işsizlikdən  dağılması, onların respublikanı tərk edib getmələrinə və başqa ölkənin işçi qüvvəsinə çevrilməsinə, və yaxud  pis yola düşməsinə gətirib çıxarır. Hələ bunların respublikanın demoqrafiyasına vurduğu zərərdən danışmırıq.

İşsizlik nəticəsində Azərbaycanın rayon və kəndlərində kişilərin sayını azalmışdır. Bununla da respublikanın gender proporsiyası pozulmuş, rayon və kəndlərdə katostrofik vəziyyət yaranmışdır.

İş yerlərinin açılmasına və bura ilk növbədə Azərbaycan gənclərinin dəvət olunmasına təqdirəlayiq bir hal kimi baxılmalıdır. Ancaq bununla belə cəmiyyətimizdə işsizliyi yaradan amilləri də ortaya çıxartmalıyıq.

Azərbaycan gəncləri arasında  çoxları öz kiçik biznesini açmaq və cəmiyyətə fayda vermək istəyənlərin sayı həddindən artıq çoxdur. Gənclər özləri-öz biznesini yaratmaq istəyirlər və onlar üçün şərait yaradılsa, yəni maneələr aradan götürülsə, gəncləri özləri özlərinin biznesini qurarlar. Cənclər və idman nazirliyi bu işdə böyük təcrübəsi olan Yaponiya, Koreya kimi ölkələrdən çox şey öyrənə bilər. Bu ölkələr yaradıcı gənclər üçün hər şəraiti yaradır.  

Ali savadlı gənclərin işsizlikdən ölkəni tərk etmələrinə xaricə beyin axını kimi baxılmalıdır. Belə alınır ki, Azərbaycan respublikası öz hesabına başqa ölkələr üçün ali savadlı gənclər hazırlayır. Bu gənclərə xərclənən pulların hesabını ortaya çıxartsaq çox böyük məbləğ eləyir. İtirən yenə də Azərbaycan bedcəsidir.

Ali savadlı gəndlərin işsizliyi ali savadlı kriminal elementlərin ortaya çıxmasına gətirib çıxarıb. Bu cür fərdlərin cəmiyyətə vurduğu zərbələr daha böyükdür, çünki onların  əməllərinin mahiyyəti yüksək texnologiyalı cinayət əməlləridir.

Gənc Azərbaycan  respublikası Yaxın və Orta Şərq ölkələrinin işsizləri  üçün istixanaya çevrilmişdir. On minlərlə xarici vətəndaş azərbaycanlıların iş yerlərini tutur. Bunlara viza verən və Respublikaya buraxanlar məgər anlamırlar ki, onlar Azərbaycan iqtisadiyyatına nə qədər zərər vururlar?

Gəlmələr  qazandıqları pulları xaricə ötürməklə Azərbaycanın pul bazarını kasadlaşdırırlar. Büdcəyə keçəcək pullar xəzinəyə qayıtmır və beləliklə, respublikadan milyonlarla valyuta çıxarılır. Nəticədə bu Azərbaycan iqtisadiyyatının inkişafının qarşısını alır.

Qeyri-rəsmi mənbələrə görə Bakı şəhərində 70 mindən artıq xarici vətəndaş biznes və əmək fəaliyyətlə məşğuldur. Fərz edək ki, onlar ən azı orta hesabla adambaşına ayda 100 dollar çıxarırlar. Məlum olur ki, bu ildə 80 milyon dollar  eləyir. Bu miqdar iki ay AR-nın çörək pulu deməkdir. Deməli, bu işsizlərə qapı açmaqla xalqımızın iki aylıq çörək pulunun Yaxın və Orta Şərq ölkələrinə axması üçün şərait yaradırıq.

Adını çəkdiyimizi ölkələrin birində də bizləri hətta fəhləlik etməyə belə qoymazlar. Bunu iş yerlərinin qorunmasıyla izah edərlər. Ölkəyə gələnlərin viza müddəti qurtardıqdan sonra onları buradan zorla çıxarırlar.

Bakıdan çoxdan çıxıb qayıdanlar şəhərimizin həm yaxşı, həm də pis mənada dəyişdiyini söyləyirlər. Yaxşı mənada şəhərdə gedən abadlıq işləri, yeni istirahət parkları,  tikililər və s. qeyd olunur. Pis mənada deyilənlər isə - şəhərimizə xaricdən gələnlərin mənəviyyatsızlığı, kriminallığı və mentalitetimizə zidd olan hərəkətləri hamını narahat edir.

Azərbaycanın iqtisadiyyatını və xalqının həyatını yaxşılaşdırmaq istəyən iqtidar  maddi və mənəvi imkanlarını hərtərəfli nəzərə almalıdır. İş yerlərinin itirilməsinə gətirən  indiki viza rejiminə yenidən baxılmalıdır. Küveyt əmirliyi və başqa inkişaf etmiş neft ölkələrinin viza siyasətinə uyğun siyasət yeritməliyik ki, xaricilər Azərbaycanda işləməklə yanaşı  əhalimizə fayda versinlər. Dünyanın sivil ölkələrində olduğu kimi ilk növbədə özümüzkülər, sonra xaricilər prinsipi həyata keçirilməlidir. Bu həm ölkədəki sosial gərginliyi azaldar, həm də gənclərimizin işlə təmin olunmasına  xeyli kömək edər.

 

T.Ə.Cəfərli

Category: Azəricə | Views: 103 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları